09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
60 illiyiniz mübarək



60 il ciddi bir rəqəmdi. İnsanın müdriklik yaşı və bir qədər də kövrək dövrdü. Mənim nəzərimdə yubileylərin bəlkə də ən yaxşısıdır. Bütün doğum günlərində insanın kövrəldiyini, arxaya boylandığını hiss etmişəm. Qəlbində hesabat verdiyini duymuşam. 
Şablon olsa da doğru ifadədir: “İllər nə tez keçdi”. 
Həkim üçün 60 yaş elə böyük bir rəqəm deyil. Çünki həkimin yaşı olmur, həkimin həyatı olmur, həkimin günü, saatı olmur. Həkim ancaq xəstələri üçün yaşayır, onların sağlamlığına qovuşdurmaq üçün cani dildən çalışır. Təbii ki, söhbət əsl həkimdən gedir. Həkim var ki, içdiyi Hippokrat andı elə o andı içdiyi yerdə də qalıb, həkim də var ki, ömrünü bu yolda şam kimi əridir, başqaları üçün yaşayır, özünün həyatı isə yadından çıxır. Belə həkimlərdən biri də nevropataloq həkim Elxan Muradovdur. Onunla tanışlığımız uzaqdan başlayıb, yaxın tanışlarımın müalicəsini edib, onları sağlamlığına qovuşdurub. 

Əslində mən Elxan həkimi heç görməmişəm, tanımıram da. Ancaq onu yaxından tanıyan və onunla bir sinifdə 10 il oturan Gülnarə xanım danışdı. Gülnarə xanımı uzun illərdir tanıyıram. Heç vaxt məndən kiminsə haqqında nəsə yazmağımı istəməyib. lakin sinif yoldaşının və özü də illər sonra ildə bir dəfə gördüyü sinif yoldaşı hazırda tanınmış nevroloq Elxan həkimin 60 yaşı olduğunu dedi və mən də həkim haqqında bir neçə kəlimə yazmaq istədim. Əslində həkim haqqında ən yaxşı sözü elə onun öz sinif yoldaşı deyər. Elə buna görə də Gülnarə xanımdan həkim haqqında danışmağını istəyirəm:
-İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda, qəlblərdə heykəl qurur deyirlər. Həkimlik qəhrəmanlıq, hünər deməkdir. Bu peşə sahibindən fədakarlıq, pak niyyət, böyük ürək tələb edir.
Elxan həkimin böyük ürəyi, pak niyyəti, çalışqanlığı xəstələrin gözünə işıq olur. Həkim öz işinə ürəkdən bağlı olan, peşəsinin vacibliyini, ciddiliyini dərk edən, çətinliklərdən qorxmayan,  həyatını ona pənah gətirənlərin pənahsız qoymayan əsl həkimdir.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Səhiyyə sahəsində çalışan və öz həyatlarını tibb xidmətinə həsr edən insanlar çox şərəfli insanlardır”.
Elxan həkim 
 şərəfli həkimdir. O sadə və zəhmətkeş bir ailədə dünyaya gəlmiş, öz biliyi ilə tibb universitetinə qəbul olmuşdur. 
İnsan həyatı həkimə etibar olunur, gərək bu etibarı layiqincə doğruldasan. Həkimlik ağ xalat geyinən insanın müqəddəs andıdır. Elxan həkim ağ xalatını daim ağ saxlayan, müqəddəs andına  vicdan və vicdanından doğan məsuliyyətlə sadiq olan insandır.
Həkimlik andına sadiq qalmağı həyat amalı seçən insanlar daha fədakar, cəsarətli olur desək yanılmarıq. Fədakarlıq və cəsarət Elxan həkimin simasında özünü təcəssüm etdirir.
Tibbin yeniliklərini araşdıran həkim hər gün neçə-neçə ümidsizlərə ümid bəxş edir. Həkim ona üz tutan hər bir şəxsə faydalı və effektiv müalicə üsulları tətbiq edərək müsbət nəticələr görməyə çalışır ki, bu nəticələr də insanların onun fəaliyyətinə olan inamı sevgi və hörmətidir.

Elxan həkim haqqında danışarkən xəyalım qanad açıb uçdu orta məktəbdə oxuduğumuz illərə. İlahi, necə gözəl günlər idi, qayğısız, kədərsiz, atalı-analı günlərimiz idi. Həyatımızın, ömrümüzün ən gözəl illəridir məktəb illəri. Yaxşı oxuyan şagirdlər barmaqla göstərilirdi və biz hamımız həmin şagirdə həsədlə baxardıq. Elxana da bizim hamımız beləcə həsədlə baxardıq, bu gün onun yerində olmaq istəyən onlarla şagird vardı. Elxan çox çalışqan, məktəbdə nizam-intizama riayət edən bir şagird idi. Hamıdan yaxşı oxumağıyla da fərqlənirdi. Məktəbin müəllimlərinin göz bəbəyi idi. Təkcə Sumqayıtlıların deyil, elə respublikamızın hər yerində hörmətlə adı çəkilən, hörmətlə yad edilən Minarə müəllimə də Elxanla qürur duyar, ona o qədər gözəl sözlər deyərdi ki, paxıllıqdan hamımız susardıq. Minarə müəllimə deyərdi ki, Elxan mən səni gələcəyin ən gözəl həkimlərindən biri kimi görürəm, mən bilirəm ki, sən biliyinlə, savadınla tanınacaqsan. Səninlə bu gün fəxr edirəm və gələcəkdə də edəcəyəm. Sən bu millətin ən srvilən həkimlərindən biri olacaqsan. Sən həqiqətən də buna layiq bir şagirdsən. Sənin biliyin, savadın hansı peşədən asılı olmayaraq yollarına işıq tutacaqdır. Sən bu məktəbin və eləcə də mənim üçün çox dəyərli bir Azərbaycan oğlusan. Səninlə fəxr edirəm. 
Bəli, Minarə müəllimənin dediyi bu sözlərdən neçə illər keçib. Elxan o vaxtlar necə məktəbin seçilən şagirdiydisə, indi də ölkənin eləcə sayılıb-seçilən həkimlərindən biridir. Onun müalicə etdiyi xəstələr bu gün də həkimə minnətdar olduqlarını dilə gətirir. Bakıdakı xəstəxanaların birində işləyən həkim təmənnasız xəstələrini müalicə edir, onların sağlamlığına qovuşması üçün əlindən gələni edir. Həkimin şəfalı əllər bu gün onlarla xəstəni sağlamlığına qovuşdurub. 
Yeri gəlmişkən onu da deyim ki, Elxan həkim həkim kimi Birinci Qarabağ müharibəsində könüllü həkim kimi cəbhə bölgəsinə gedib. Onlarla döyüşçümüzün həyatını qurtarıb. Vətənə, xalqına vurğunluğunu həkim belə göstərməyə çalışıb. Dəfələrlə yaralıları döyüş bölgəsindən qorxmadan çəkinmədən çıxarıb. Bu gün döyüş bölgələrində müalicə etdiyi xəstələri həkimi yad edir, ona can sağlığı arzulayırlar. Həkim birinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərinə görə dövlətimiz tərəfindən Palkovnik rütbəsi verildi. Elxan həkim Bakıdakı Dövlət xəstəxanalarında polkovnik həkim kimi çalışdı. Bu gün də həkim fəaliyyətini davam etdirir. Elxan həkim oxuduğu məktəbdə və işlədiyi kollektivdə yüksək nüfuz sahibidir. Əbəs yerə sinif yoldaşlarımız ona "ağsaqqal" demirlər. Çünki o həqiqətəndə ağsaqqal sözünə layiq həkimdir. 

Təbii ki, orta məktəbi bitirəndən sonra şagirdlərin hamısının yolu ayrılır, hər kəs bir inistituta və ya universitetə qəbul olur. Hər gün görüşdüyümüz dostlarımızla görüşümüz aylara, illərə dönür. Elxanla hər gün görüşməsək də arada bir telefon əlaqəsi saxlayıram. Bu günlərdə həkimin 60 yaşı tamam olur. Bu münasibətlə sinif yoldaşıma öz ürək sözərimi dilə gətirmək istədim.
Bu zəhmətkeş, uzaqgörən, həkimin 60 yaşına alnıaçıq, şərəfli adla çatmasını alqışlayıram.
Şair Osman Sarıvəlli yaşla bağlı gözəl deyib:

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kəs yüz il yaşamasa,
Günah onun özündədir.

Bu hesabla Elxan həkimin hələ uzun bir yolu var. Bizə yalnız ona can sağlığı arzulamaq qalır.

Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim.
Qapı-pəncərəni öz evimdəki,
Özüm aça bilim, bağlaya bilim.

Yaş faktdır. Amma yaş artmaqla, ağıl artmaz. Əgər o ağılın keşiyində duran yoxsa, illər insanı sadəcə qocalığa götürər. Ağılla yaşlanma insanı sərvətə və əbədiyyətə götürər. Həkim dostum, qardaşım, sənə ürəyimdən keçən nə qədər gözəl söz varsa, hamısını demək istəyərdim. Sən gözəl ailə başçısısan, gözəl ailən, iki vətənə layiqli övladın var. Onlar da sənin kimi öz peşələrinin vurğunudur. Beş nəvə babasısan, çox istəyərdim ki, nəvələrin də sənin kimi həkim olsunlar, sənin yolunu davam etdirsinlər. Adını hər zaman uca tutsunlar. 

Elxan, sən gözəl dostsan, gözəl qardaşsan, ən gözəl sinif yoldaşı və ən nəhayət ən gözəl həkimsən. Arzu edirəm ki, Allah sənə indikindən də barlı-bərəkətli ömür və dünyanın ən qiymətli neməti olan cansağlığı nəsib etsin. Elmdən və peşəndən aldığın mənəvi zövq də ömrünə daha fərqli bir dəyər qatsın. Bundan sonrakı həyatında sağlam həyat, şəfalı əllər arzulayıram. Həyatının bir 60 ilinidə insanların sağlamlığına həsr edərək bir 60 ildə yaşayasan. Bir daha 60 ilin mübarək əziz həkim, gözəl dost, gözəl sinif yoldaşım. 
Bizdə Gülnarə xanımın təbrikinə qoşulub həkimə uzun ömür, can sağlığı arzulayırıq. 


Tahirə Həbliyeva,
365 gün qəzetinin təsisçisi 
və baş redaktoru





Tarix: 2-09-2024, 12:22 Oxunub: 106


Bölməyə aid digər xəbərlər
19-07-2021, 09:30 Astara şəhəri
29-05-2021, 20:00 Allah rəhmət eyləsin