09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Novruz gəlir, yaz gəlir...

Novruz gəlir, yaz gəlir...

Novruz bayramının özünəməxsus adətləri də var. Məsələn, papaq atmaq. Əsasən gənclər və uşaqların icra etdiyi bu adət zamanı atılan papağı boş qaytarmırlar.


Tarixin qədim qatlarından gələn Novruz günü hər il Azərbaycan xalqı tərəfindən şənlik mərasimləri ilə qeyd olunur. Xalqın inancına görə, yazın ilk gününə qədər təbiətin oyanışı bir neçə mərhələdən keçir. Həftənin çərşənbə günlərinə təsadüf edən bu mərhələlərin hər birinin öz adı var.
Ardıcıllıqla qeyd edilən dörd çərşənbədən ilki Su çərşənbəsidir. Su çərşənbəsi havaların tədricən isindiyi, çaylardakı buzların əriyərək suya çevrildiyi vaxt ilə üst - üstə düşür.
Od çərşənbəsi sıra etibarilə ikincidir. Bu çərşənbə günündə günəş torpağı qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayır, evlərində hər ailə üzvünün adına bir  şam yandırırlar.
Üçüncü çərşənbəmiz Yel çərşənbəsidir. Bu gündən etibarən yelin vasitəsilə bəzi növ ağaclarda tozlanma gedir.
Dördüncü və ilin ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsidir. Bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır, əkin, toxum səpininə hazır olur.
Bu mərhələlərin hər birində nemət dolu süfrələr açılır.
Qeyd edim ki, ən zəngin süfrə Novruz bayramı gününə təsadüf edir. Novruz bayramı süfrəsi azərbaycanlılar üçün çox önəm daşıyır. Süfrələri adətən al-əlvan, bahar təravətli milli mətbəximizə məxsus cürbəcür xörəklər, şirniyyatlar - paxlava, şəkərbura, qoğallar bəzəyir. Demək olar ki, bütün süfrələrdə yaşıllıq, bolluq, bərəkət rəmzi olan  səməni əsas atributdur.
Ənənəyə görə, bayramın ilk günü hamı evdə olmalıdır. Xalqın mifik düşüncəsinə görə, “bayram günü evdə olmayan, yeddi il evdə olmayacaq”. Keçmişdə bir qayda olaraq həyətə, evə giriş qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlaməti hesab olunurdu.
Novruz bayramının özünəməxsus adətləri də var. Məsələn, papaq atmaq. Əsasən gənclər və uşaqların icra etdiyi bu adət zamanı atılan papağı boş qaytarmırlar.
Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir. Qulaq falına çıxanlar digər evlərdə gedən söhbətləri qapı arxasından gizlicə dinləyirlər. Əgər yaxşı söhbətlər danışılırsa, onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.
Yadımdadır, ali məktəbə hazırlaşan il məhəllədəki uşaqlara qoşulub mən də qulaq falına getdim. Qonşudan eşidəcəyim ilk sözün universitetə  qəbulla əlaqəli olacağına inanaraq həyəcanla, gizlicə həyətə daxil olmağa cəhd göstərdim. Lakin qonşunun iti buna imkan verməmişdi. Məni evimizə kimi ayaqyalın qovmuşdu. O gün mənə pis təsir etmiş hadisə indi mənim üçün şirin bir xatirəyə çevrilib.
Tonqaldan tullanmaq da Novruzun vacib rituallarındandır. Bu adət həm Novruz bayramı gecəsi, həm də digər çərşənbə günləri həyata keçirilir. Yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanır. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra külünü yığıb, evdən kənar bir yerə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin dərdi, problemləri küllə birlikdə ailədən uzaqlaşdırılır.
Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır. Odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə, bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.
Səməni becərmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir.
Bayram günləri yumurta döyüşdürülür. Bu oyunda yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi.
Bir-biri ilə yola getməyən Keçəl ilə Kosa isə Novruz bayramının əsas rəmzlərindəndir. Təbii ki, onların da mifik və mistik anlamları var. Rəngli geyimləri, qəribə danışıq və hərəkətləri çox maraqlıdır.
Yallı getmək. Bu rəqs Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi birlik rəqsidir. Yəni bu rəqsin mənası insanların birliyidir.
İllər ötdükcə adətlər də dəyişir, yenilənir. Bəziləri tarixə qovuşur. Çalışaq ki, milli bayramlarımızı, adət-ənənələrimizi yaşadaq, müasirləşsin, yenilənsin, amma tarixə gömülməsin.
Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün məişət adətlərini, fəlsəfi görüşlərini özündə cəmləşdirən bayramdır.



Səfərov Fuad Nuşrəvan oğlu.
Buzovna qəsəbəsi 25 SAYLI 
notariat kontorunun 
Xüsusi notariusu  

Tarix: 19-03-2024, 10:03 Oxunub: 49


Bölməyə aid digər xəbərlər