Ötən gün sentyabrın 21-də ABŞ Hərbi Hava Qüvvələrinin 8 strateji bombardmançısı NATO ölkələrinin qırıcılarının müşaiyəti ilə eyni vaxtda Rusiyanın şimal sərhədləri boyu manevrlər keçiriblər. Virtualaz.org xəbər verir ki, ABŞ-ın Avropa komandanlığının yaydığı rəsmi məlumatda “ABŞ Hərbi Hava Qüvvələrinin “bir neçə” bombardmançısının Avropa və Birləşmiş Ştatlardakı aviabazalardan qalxaraq Avropanın şərq rayonları və Sakit okeanın qərb hissəsi üzərində irimiqyaslı missiya həyata keçirdiyi bildirilir.
Bu uçuşlar Rusiyanın 2 Tu-160 strateji nüvə bombardmançısının və iki Su-35 qırıcısının ABŞ Hava Hücumundan Müdafiə qüvvələrinin Alyaskadakı identifikasiya zonasında uçmasından cəmi bir gün sonra həyata keçirilib. Şimali Amerika Hava Kosmik Komandanlığının (NORAD) yaydığı məlumata görə, səsdən iti uçan Rusiya bombardmançıları üç dəfə ABŞ Hava Hücumundan Müdafiə sistemlərinin tanıma zonasına daxil olub, Alyaska sahillərindəki Nunivak adasının 50 kilometrliyindən uçub, amma beynəlxalq hava məkanında qalıblar.
Buna cavab olaraq ABŞ bombardmançıları irimiqyaslı missiya həyata keçiriblər. Bu missiyada B-1 Lancer, B-2 Spirit, B-52 Stratofortress strateji nüvə bombardmançıları iştirak edib. Onları Kanada, Norveç və Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin qırıcıları müşaiyət ediblər.
ABŞ-ın Avropa komandanlığının komandanı, general Tod Ulters bildirib: “Bu uçuşlar bizim müttəfiqlərimizə və partnyorlarımıza sarsılmaz sədaqətimizin, habelə sürətlə planlaşdırmaq və bir çox mürəkkəb vəzifələri yerinə yetirmək imkanlarımızın nümayiş etdirilməsi idi”.
“İnterfaks” bildirir ki, missiya zamanı nüvə silahı daşıya bilən B-52 bombardmançısı Fin körfəzi və Estoniya istiqamətindən Rusiyanın Leninqrad vilayətinə yaxınlaşıb.
Misli görünməmiş missiyada 4 B-52, 2 B-1 Lancer və 2 B-2 Spirit bombardmançısı iştirak edib. Bildirilir ki, B-2 Spirit bombardmançıları ABŞ-dakı Uaytman hərbi hava bazasından qalıxıb, B-1 Lancer bombardmançılarının isə Arktikadakı bazalardan birindən qalxdığı məlum olub. Digər bombardançılar Böyük Britaniyadan havalanıb.
ABŞ bombardmançılarının bu missiyasından iki gün əvvəl Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin müxtəlif tipli 28 təyyarəsi eyni vaxtda Rusiya sərhədləri yaxınlığında uçuşlar keçirmişdi. “Voennoe obozrenie” nəşrinin bildirdiyinə görə, Böyük Britaniya təyyarələri Qara dəniz üzərindən Krım istiqamətində və Arktika üzərindən Kola yarımadası istiqamətində uçuşlar keçiriblər.
Qrupa “Tayfun” qırıcıları, “Voyager” yanacaqdolduranları, Sentry E-3 Awacs və RC-135 kəşfiyyat təyyarələri, habelə “Sentinel” radiolokasiya kəşfiyyat təyyarəsi daxil olub. Hərbi ekspertlərə görə Böyük Britaniya təyyarələri Rusiyanın S-400 zenit-raket komplekslərinin radarlarını “kor etməyi” sınaqdan çıxarıblar.
Qeyd edək ki, son vaxtlar ABŞ və NATO bombardmançılarının Rusiya yaxınlığında uçuşları intensivləşib. Bu, Rusiyanın NATO sərhədlərinə tez-tez öz bombardmançılarını və sualtı qayıqlarını göndərməsinə cavabdır.
Virtualaz.org
Bölməyə aid digər xəbərlər