
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mən də Qazax rayonunda oğlum Səidin and içmə mərasimində iştirak etdim.
Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olundu.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.
Təntənəli mərasimdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə etdilər.
Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.
Onu da deyim ki, oğlum ali təhsilini 2025 ildə iyul ayında bitirmiş, bitirən kimi hərbi xidmətə çağırılmışdir. Səid vətənə, torpağına bağlı bir gəncdir. Azərbaycan torpağını da canıbdan əziz tutur və o, xidməti dövründə də bayrağımızı, torpağımızı canından əziz tutacağına inanıram.
Bütün zamanlarda xalqın ordusuna böyük sevgisi, məhəbbəti olub. Çünki ordu ölkənin dayağı, müstəqilliyin ən etibarlı təminatçısıdır. Bu günlərdə hərbi hissələrdə keçirilən Hərbi andiçmə mərasimləri zamanı həmsöhbət olduğumuz valideynlərin və ictimaiyyət nümayəndələrinin dediklərindən bir daha əmin olduq ki, xalqın ona zəfər sevinci yaşadan ordusuna sevgisi, məhəbbəti heç vaxt tükənməyəcək.
Valideynlər üçün ən yaddaqalan günlərdən biri də oğul övladının hərbi xidmətə çağırıldığı gündür. İllərlə boyunu oxşadığı əzizinin Vətənin keşiyində dayanmağa getməsi övlad üçün Vətən borcu, ata-ana üçün qürur mənbəyidir. Hər dəfə gənc əsgərlərin təntənəli Hərbi andiçmə tədbirini böyük sevgilərlə, bənzərsiz ovqatla izləmişik. Bu tədbirə hər bir əsgərin valideynləri, dostları, qohumları böyük həvəslə, qürurlanaraq gələr, Hərbi And içən gənc əsgər də öz növbəsində bu qələbəliyi, bu coşqunu hərbi xidmətinə əlavə məsuliyyət bilər.
Bu gün xalqımızın övladları güclü, qüdrətli Azərbaycan Ordusunda xidmət edir. O ordu ki, 30 ilə yaxın erməni işğalçılarının əsarətində qalmış, ev-eşikləri talan edilmiş torpaqlarımızı 44 gün ərzində öz azadlığına qovuşdurdu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, diplomatik bacarığı, qəhrəman, igid, vətənpərvər Azərbaycan hərbçilərinin sayəsində rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. 44 günlük Vətən müharibəsi xalqımıza bir daha həmrəylik nümayiş etdirdi. Cəsur oğullarımız səfərbər olunaraq Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatıldılar. Ordu xalqın dayağıdır. İllərlə gözlədiyimiz an gəlib çatmışdı. Yenilməz ordumuzun gücü qarşısında düşmən aciz qaldı, öz qüvvələrini geri çəkməyə məcbur oldu. Bu ağır döyüşlərdə düşmənin minlərlə canlı qüvvəsi, texnikası, çoxlu sayda hərbi birləşmələri ordumuzun gücüylə məhv edildi.
44 günlük Vətən müharibəsi haqqında məlumatları bilməlidirlər. Bu gün ordumuz dünyanın ən güclü orduları sırasındadır. Ali Baş Komandanın orduya ayırdığı yüksək diqqət və qayğı gözlərimiz önündədir. Mən fəxr edirəm ki, oğlum belə güclü, yenilməz ordunun əsgəridir. Bu günlərdə oğlumun andiçmə mərasimində ailəmizlə birlikdə iştirak etdik. Ağıllı, bacarıqlı, savadlı gəncdir. İnanıram ki, Vətənə övladlıq borcunu layiqincə yerinə yetirib, sağ-salamat doğmalarının yanına dönəcək.
Oğlumun Hərbi andiçmə mərasimində fərəhlənirdim, qürurlanırdım ki, oğullar hərbi xidməti təkcə ömürdən keçən aylar hesab etmir, bu ayları Vətən üçün yaşanılacaq ömrün başlanğıcı bilirlər.
Bizə də, övladlarımıza da məktəbdə "Ana", "Vətən", "Ana Vətən" öyrədiblər, ailədə də bu müqəddəslik haqda danışılıb. Hərbi xidmətin başlanğıcında gənc əsgərlərin baxışlarında bu müqəddəs kəlmələrə gözəl sevgi görəndə mən də qürurlandım. Gənc əsgərləri, onların valideynlərini Hərbi andiçmə münasibətilə təbrik edəndə komandirləri əmin olduğunu bildirdilər ki, gənc əsgərlər qoşunlarda nümunəvi xidmət edəcəklər. Bu əminlik həm də bizim əminliyimizdir. Əminlik yaşadan bu ovqat içində sıra meydanına bir də baxdım.
Əminəm ki, oğlum da nümunəvi əsgər kimi Hərbi Anda sədaqətli olacaq.
Hərbi xidmətdə olan övladlarıyla görüşüb xoş ovqatla ayrılan, əminliklə evlərinə dönən valideynlərin üzündəki təbəssüm komandirlərin əvəzsiz xidmətinin nəticəsi idi.
Mahir Hümbətov,
Yeniazerbaycanheyati.com informasiya portalının rəhbəri


Bölməyə aid digər xəbərlər
















