Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasında olub, tibbi müəssisədəki mövcud vəziyyətlə tanış olub.
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tibb müəssisəsindəki mövcud vəziyyətlə bağlı şəhər rəhbərinə məlumat verib.
Z. Fərəcov xəstəxanada müalicə alan xəstələrlə həmsöhbət olub, “Azərbaycan Bayrağı” ordenli Birinci Qarabağ müharibəsi qazisi Sultan Bəndəliyevi ziyarət edib.
Qeyd olunub ki, Sumqayıt şəhərində tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılması istiqamətində mühüm işlər görülüb.
Bildirib ki, yeni xəstəxana binasında vətəndaşlara yüksək tibbi xidmətlərin göstərilməsi üçün lazımi infrastruktur qurulub və müəssisə müasir avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, xəstəxana poliklinika, təcili tibbi yardım, 30 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, şüa diaqnostika, hemodializ, oftalmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya, 10 çarpayılıq əməliyyat bloku, reanimasiya və s. şöbələrdən, həmçinin laboratoriyadan, digər tikili və qurğulardan ibarətdir.
Müalicə ocağı müasir tələblərə cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal teleskopik rentgen cihazı, rəqəmsal DR rentgen qurğusu, oftalmoloji müayinə üçün mikroskop, oftalmoloji cərrahi əməliyyatlar üçün “PHACO AMO” cihazı və iki ədəd rəqəmsal stasionar ultrasəs müayinə cihazı ilə təchiz olunub.
Xatırladaq ki, 150 çarpayılıq xəstəxananın yeni binası 2023-cü ilin oktyabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Səhiyyə ocağının tikinti işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.
Bölməyə aid digər xəbərlər