Sumqayıtda hərbi sursatlar aşkarlanıb
Bu barədə Yeniazərbaycanhəyatı.coma Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 9 ədəd 30 mm-lik qəlpəli fuqaslı zenit top mərmisi, 12 ədəd 30 mm-lik zirehdələn zenit top mərmisi, 59 ədəd 23 mm-lik zirehdələn zenit top mərmisi, 22 ədəd M-12 partladıcısı, 9 ədəd V-429 partladıcısı, 13 ədəd T-90 partladıcısı və 5 ədəd sursatın partladıcı qalıqları olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Bölməyə aid digər xəbərlər