Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev şəhərdəki malikanəsində koronavirusdan qorunmaqla məşğuldur.
Yaxın çevrəsinin Modern.az-a verdiyi məlumata görə, Elmar Vəliyevin güllələndikdən sonra haqqında yayılan “ağlını itirib, dəli olub” kimi məlumatlar dezinformasiyadan başqa bir şey deyil. Əvvəlki hörmətini, güc və idarəçiliyini itirən sabiq başçı sadəcə bir müddət depressiyada olub.
Hətta icra başçılarının bir-bir dəmir barmaqlıqlar arasına göndərilməsindən sonra E.Vəliyevin öz halına şükr etdiyi gələn söyləntilər arasındadır...
Qeyd edək ki, Elmar Vəliyev icra başçısı işləyərkən - 2018-ci il iyulun 3-də Gəncə şəhərində mühafizəçisi Qasım Aşbazovla birlikdə odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında cinayəti törətmiş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq, tərksilah edilib.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Sui-qəsd hadisəsindən sonra - iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsnin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün icra başçısnı əməliyyat edib. Elmar Vəliyev sonrakı müalicəsini İsraildə davam etdirib, daha sonra ölkəmizə qayıdıb.
Xatırladaq ki, 28 avqust 2018-ci ildə Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bölməyə aid digər xəbərlər