
2020-ci ilin payızında 44 günlük müharibədə bütün dünya Azərbaycan ordusunun hərbi gücünə və qüdrətinə, əsgər və zabitlərimizin qəhrəmanlığına şahid oldu. Bu gün böyük fəxarət hissi ilə qeyd etdiyimiz QƏLƏBƏ Azərbaycan xalqının əzmi və iradəsi, ölkəmizin iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi, müharibənin başladığı ilk günlərdən etibarən xalqımızın bir yumruq kimi ölkə Prezidentinin ətrafında birləşməsi və dövlətimizin başçısı, möhtərəm Prezidentimiz və Ali Baş Komandan İlham Əliyevin illərlə yeritdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.
Bu möhtəşəm Qələbə günü – Zəfər bayramı münasibəti ilə xalqımızı təbrik edirik! Xalq-iqtidar birliyi bizi daha böyük qələbələrə qovuşduracaq!
BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN XALQI!
8 noyabr Zəfər Günümüz mübarək!
Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Bununla bağlı Prezident İlham Əliyev dekabrın 3-də Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. O deyirdi: « Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.»
Bəli, Ali Baş Komandan vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etmişlər.
Artıq 30 illik həsrətdən, nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsdi. Bütün elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüzminlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi. Qalib Sərkərdəmiz işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzüağ, qürurlu bir qəhrəman kimi qədəm qoydu...
Barbar Ermənistan son 30 ildə elə məkrli planlar qurmuşdu ki, onlar güman edirdilər ki, daha Azərbaycan xalqı bu torpaqlara qayıtmayacaqdır. Elə bilirdilər ki, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən çıxarıb ata biləcəklər. Buna görə də işğal etdiyi bütün yurdlarımızı viran etmiş, daşı daş üstündə qoymamışlar. Təbiətimizə qənim kəsilmiş, çaylarımızı qurutmuş, meşələrimizi yandırmış, qiymətli ağaclarımızı kəsib məhv etmişdi. Bu illər ərzində yeraltı-yerüstü bütün sərvətlərimizi talayaraq qəsb etmiş, maddi-mədəni abidələrimizə sahib olmağa çalışmışdılar. Doğma torpaqlarımızda Azərbaycan xalqından heç bir nişanə qalmaması üçün ağlagəlməz vəhşiliklərə əl atmışdılar.
Amma yanılmışdılar, cılız ağılları ilə anlaya bilməmişdilər ki, Qarabağ Azərbaycandır! Azərbaycan Ordusunun bir-birinin ardınca azad etdiyi yurdlarımızın çəkiliş kadrlarına baxdıqca, o viranə qalan yurdlarımızı gördükcə insanlar dəhşətə gəlir. Ancaq bu gün dağılan məscidlərimizdən ucalan azan səslərini eşitdikcə ruhumuz dincəlir, ümidlərimiz dirçəlir, güvənimiz artır.
Azərbaycanın bu tarixi zəfəri həm də Dağlıq Qarabağla bağlı bütün müzakirələri kökündən dəyişdi. Məlum olduğu kimi, danışıqlar prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə, o cümlədən Şuşa şəhərinə girməsi fikri ümumiyyətlə, yaxına buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi.
Lakin bu qalibiyyətlə Azərbaycan həm keçmiş Dağlıq Qarabağın inzibati ərazisinə daxil oldu, həm də onun ətrafındakı və Ermənistanın qaytarmaq istəmədiyi torpaqları işğaldan azad etdi. Şuşa şəhərinin, Xocavənd və Xocalı rayonlarının kəndlərinin, Suqovuşanın azad edilməsi ilə Azərbaycan həm də Dağlıq Qarabağa nəzarəti ələ aldı. Üstəlik, Kəlbəcərin və Laçının geri qaytarılması ilə Dağlıq Qarabağa gedən əsas strateji yollar, yüksəkliklər, kommunikasiya xətləri tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlinə keçdi.
Bəli, məhz 44 günlük savaşın nəticəsi olaraq 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Bu mənada danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Prezident İlham Əliyev Füzuli şəhərindən bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzü bərpa etmişik, təcavüzkarları işğal edilmiş torpaqlardan qovmuşuq: «Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var».
Artıq Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömüldü, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkildi. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!
BAYRAMIMIZ MÜBARƏK!
Yeniazərbaycanhəyatı.com
informasiya portalının rəhbəri
Bölməyə aid digər xəbərlər
















