Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 32 il keçməsinə baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri bizim yaddaşımızda əbədi qalacaqdır.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.
1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsiAzərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir tarixinə çevrilib. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci il sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Vaxtilə Şəhidlər xiyabanına gəlib, şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər, müstəqilliyimizi və suveren hüquqlarımızı təmin etdilər. Bu gün biz ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar şəhidlərini yad edirik. Ona görə də biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi qiymətləndirmirik. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən şərəfli səhifələrdən biridir. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır!
YeniAzərbaycan Həyatı imformasiya
Bölməyə aid digər xəbərlər